Sertifikatlaşdırma Proseduru
Azerbaijan Quantum and Coaching Cooperation MMC-nin Sertifikatlaşdırma Orqanına (bundan sonra Sertifikatlaşdırma Orqanı) sertifikatlaşdırma ilə bağlı müraciət edən namizədlər (müvafiq sertifikat (sənəd) sahibi olmaq üçün müraciət edən, imtahana buraxılan və ya imtahanda iştirak edən şəxs), sertifikatlaşdırma prosesinin tamamlanması və davam etdirilə bilməsi üçün sertifikatlaşdırma təlimatında göstərilən məlumat və sənədləri təqdim etməlidirlər.
Bu prosesdə müraciət üçün tələb olunan sənədlər aşağıdakılardır:
- Tam və düzgün doldurulmuş, şəxsən namizəd tərəfindən imzalanmış imtahan müraciət forması.
- İmtahan rüsumunun ödənilməsinə dair (onlayn və ya bankdan alınmış) bank və ya bankomat qəbzi.
- Şəxsiyyəti təsdiq edən sənədin surəti (şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, pasport və ya qanuni qüvvəyə malik digər şəxsiyyət sənədi)
Namizədlər, Azerbaijan Quantum and Coaching Cooperation MMC-nin Sertifikatlaşdırma Orqanına gələrək və ya sso.az vebsaytımız vasitəsi ilə müraciət edə bilərlər. Vebsayt üzərindən müraciət edən namizədlər, təqdim etdikləri məlumatları əhatə edən imtahan müraciət formasını, şəxsiyyəti təsdiq edən sənədi, şəxsiyyət vəsiqəsinin surətini və imtahan rüsumunun ödənildiyinə dair bank və ya bankomat qəbzini imtahan günü məsul şəxslərə təqdim etmək məcburiyyətindədirlər.
Fərdi müraciətlərlə yanaşı, hüquqi şəxslər öz əməkdaşları üçün kollektiv şəkildə imtahan müraciəti edə bilərlər. Kollektiv müraciətlərdə namizədlərin siyahıları və şəxsən özləri tərəfindən doldurulmuş və imzalanmış imtahan müraciət formaları Sertifikatlaşdırma Orqanına təqdim edilir. İmtahan təşkilatı qaydası və zəruri sənədlərin siyahısı hüquqi şəxsin nümayəndəsinə göndərilir. Zəruri sənədləri tamamlanmış bütün namizədlərin cavabları qeyd edilən mail ünvanına e-mail olaraq göndərilir. Kollektim müraciətlərdə imtahan müraciət formaları, əlaqəli sənədlərin Sertifikatlaşdırma Orqanına tam şəkildə təqdim edilməsindən sonra, hüquqi şəxslə bağlanan müqavilədə yer alan ödəniş şərtlərinin yerinə yetirilməsi ilə müraciətlər qəbul edilmiş sayılır.
İmtahan rüsumu, vebsaytda elan edilən bank hesab nömrəsinə, köçürmə yolu ilə ödənilə bilər. Ödənişlər illik olaraq tənzimlənir və vebsayt vasitəsilə elan edilir. İmtahanlarda iştirak edib uğursuz olan namizədlər 1 il ərzində eyni imtahana təhrar 1 dəfə ödənişsiz olaraq qatıla bilərlər. İlk imtahan tarixindən etibarən 1 il keçmiş və ya təkrar ödənişsiz imtahanda da uğursuz olan namizədlərdən yenidən imtahan rüsumu tələb olunur.
Fərdi olaraq həyata keçirilən ödənişlərdə, namizədin adı və soyadı kimi məlumatların olması zəruridir. İşəgötürənlər tərəfindən həyata keçirilən kollektiv imtahan müraciətlərində isə, işəgötürən tərəfindən ödəmənin hansı namizədlərə aid olduğunu göstərən siyahı e-mail vasitəsilə Sertifikatlaşdırma Orqanına göndərilməlidir.
Sertifikatlaşdırma Orqanı, sertifikatlaşdırma üçün müraciət edən namizədlərdən, müraciət üçün tələb olunan sənədlər xaricində ilkin şərt tələb etmir. Azerbaijan Quantum and Coaching Cooperation MMC tərəfindən digər müəyyən təlim xidmətlərinin verilməsi, namizədlərin bu təlimləri almalı olduqları mənasına gəlmir və namizədə olan sertifikatlaşdırma tələblərimizi azaltmır. Azerbaijan Quantum and Coaching Cooperation MMC-dən hər hansı xidmət, məsləhət və ya təlim xidməti almış olmaq, sertifikatlaşdırma üçün müraciət edən namizədlər üçün imtahanların asan, sadə və ya ucuz olacağı mənasına gəlmir, eləcə də namizədin uğur qazanacağına zəmanət vermir.
Müraciətlər, Sertifikatlaşdırma Proseduruna əsasən qiymətləndirildikdən sonra, sertifikatlaşdırma üçün maneəsi olmayan namizədlər üçün imtahan planlaşdırılması aparılır. İmtahan planlaşdırılması edilən namizədlərin imtahana giriş məlumatları ən gec 1 həftə əvvəl, Sertifikatlaşdırma Orqanından və ya vebsaytımızdan öyrənilə bilər. Eyni zamanda namizədlərin qeyd etdiyi e-poçt ünvanlarına da göndərilə bilər. İşəgötürənlər tərəfindən kollektiv edilən müraciətlər üçün əlavə olaraq işəgötürənə, e-poçt vasitəsilə müraciət etdiyi namizədlərlə bağlı imtahan planlaşdırılması göndərilir.
Planlaşdırılmış və elan olunmuş imtahanların təxirə salınması və ya ləğv edilməsi hallarında, namizədlər SMS və e-poçt vasitəsilə məlumatlandırılır. İmtahanın təxirə salınması və ya ləğvi namizədə heç bir itki yaratmır. Ən qısa zamanda yeni bir imtahan planlanaraq namizədlər və əlaqədar heyət məlumatlandırılır.
İmtahanlar, yazılı, şifahi, praktiki və ya müşahidəyə əsaslanan şəkildə, müəyyənləşdirilmiş ölçmə və dəyərləndirmə meyarlarına uyğun keçirilir. İmtahanlar Sertifikatlaşdırma Orqanında keçirilə biləcəyi kimi, Sertifikatlaşdırma Orqanının müəyyən etdiyi digər yerlərdə də keçirilə bilər. İmtahan kamera müşayiəti ilə aparılır və cavablarla birlikdə namizədin görüntüləri imtahan üçün sübut olaraq qeydə alınır.
Namizədlər, imtahan saatından ən az 15 dəqiqə əvvəl imtahan yerində olmalıdırlar. İmtahan başladıqdən sonra gələn namizədlər imtahana buraxılmır. Elan edilmiş tarix və saatda imtahan yerində iştirak etməyən namizədlər imtahana buraxılmır və ödədikləri imtahan rüsumu geri qaytarılmır və bu ödənişlə yeni imtahan təşkil olunmur.
Namizədlərin imtahan zamanı və ya imtahandan sonra qanunsuzluq, köçürmə və ya saxtakarlıq etdikləri və ya etməyə cəhd göstərdikləri, imtahan materiallarını başqaları ilə paylaşdıqları müəyyən olunarsa, namizədin imtahan komissiyası üzvləri və ya nəzarətçiləri tərəfindən imtahan yerindən uzaqlaşdırılaraq, eyni zamanda ölçmə və dəyərləndirmədə qanunsuzluq, köçürmə və saxtakarlıq aşkar etmə forması doldurularaq vəziyyət qeydə alınıb, imtahan nəticəsi uğursuz və ya etibarsız hesab olunur.
Namizədlər, keçirilən imtahanlar zamanı Sertifikatlaşdırma Orqanı tərəfindən təyin olunan imtahan komissiyası, nəzarətçilər və təşkilat əməkdaşlarının təyin etdiyi qaydalara riayət etməlidirlər. Bundan əlavə, imtahan müddətində özünün və digər namizədlərin təhlükəsizliyinə zərər verəcək davranışlar etmək, əmək təhlükəsizliyi və sağlamlıq qaydalarına əməl etməmək hallarında imtahan etibarsız sayılır.
Namizədlər son 1 il ərzində uğur qazandıqları imtahanlardan avtomatik olaraq azad edilirlər. Bu hal həm ilk sertifikatlaşdırma, həm də əhatə dairəsini artırma müraciətlərində qüvvədədir.
İmtahanların necə qiymətləndiriləcəyi, müvafiq peşə sahələri üzrə hazırlanmış Sertifikatlaşdırma Orqanının İmtahanın Keçirilməsi Təlimatında açıq şəkildə göstərilmişdir. Test imtahanlarının qiymətləndirilməsində doğru cavab sayı əsas götürülür, qiymətləndirmə 100 bal üzərindən həyata keçirilir. Səhv və ya boş cavab sayı nəzərə alınmır. Qabiliyyət imtahanlarında göstərilən meyarlar üzrə əsasən 100 bal üzərindən qiymətləndirmə aparılır.
İmtahan zamanı və ya sonrasında bir sualın texniki və ya məzmun xətası səbəbilə ləğvi zəruri görülərsə, bu suallar qiymətləndirmədən çıxarılır. Əlavə olaraq, keçirilmiş xarici auditdə imtahanların tələblərə uyğun keçirilmədiyi aşkar olunarsa, imtahan ləğv edilir. Ləğv olunan imtahanlarla bağlı düzəldici və qabaqlayıcı tədbirlər görülür. Aşkarlanmış uyğunsuzluğun əsas səbəbi araşdırılır və müəyyən edilir. Nəticədə, bu barədə zəruri tədbirlər görülərək uyğunsuzluq aradan qaldırılır. Bu proses tamamlandıqda, ləğv edilmiş imtahan ən gec 2 ay ərzində təkrarlanır.
İmtahan nəticələri, imtahandan sonra ən gec 10 iş günü ərzində açıqlanır. Nəticələr Sertifikatlaşdırma Orqanından öyrənilir.
Namizədlər, sertifikatlaşdırma prosesinə dair irad və təkliflərini, istədikləri zaman Azerbaijan Quantum and Coaching Cooperation MMC-nin Sertifikatlaşdırma Orqanına sso.az vebsaytı və ya telefon nömrələri vasitəsilə çatdıra bilərlər.
Sertifikatlaşdırma prosesi ilə bağlı ediləcək etiraz və şikayətlər, buna səbəb olan hadisənin baş verdiyi tarixdən etibarən 10 gün ərzində edilə bilər. Hüquqi araşdırma tələb edilən hallarda bu müddət nəzərə alınmır və hüquqi araşdırma üçün qüvvədə olan qanuni müddət əsas götürülür. Etiraz və şikayətlərdə, bunun səbəbi aydın şəkildə ifadə edilməli, müraciət edən şəxsin şəxsiyyət və əlaqə məlumatları açıq şəkildə göstərilməlidir.
Bütün etiraz və şikayətlər müvafiq komissiya tərəfindən qiymətləndirilərək, ən gec 30 iş günü ərzində, nəticə haqqında şikayət və ya etiraz sahibinə məlumat verilir.